Fransız polisi Rusiya senatorunu niyə saxlayıb?

Fransada saxlanılmış rusiyalı senator Süleyman Kərimov bu ölkəyə diplomatik pasportu olmadan gedib. Bunu Federasiya Şurası aparatındakı mənbə bildirib. RİA Novosti agentliyi xəbər verir ki, mənbənin sözlərinə görə, diplomatik pasport senatora yalnız onun xidməti ezamiyyəyə göndərilməsi haqqında əmr olduğu təqdirdə verilir. Belə əmr isə olmayıb. Bir qədər əvvəl Federasiya Şurasının reqlament komitəsindən bildirmişdilər ki, Kərimov Fransaya şəxsi işinə görə gedib.

Senator noyabrın 20-də Nitsa aeroportunda saxlanılıb və polis məntəqəsinə aparılıb. Qeyri-rəsmi məlumatların birinə görə, Kərimov vergilərdən yayınmaqda, digərinə görə isə pulların “yuyulmasında” şübhəli bilinir. Senatorun ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyi bildirilir. Diplomatlar onun azadlığa buraxılmasına çalışırlar. Rusiya XİN artıq Fransa tərəfini senatorun diplomatik immunitetə malik olduğu barədə məlumatlandırıb.

Süleyman Kərimov Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olur, “Nafta Moskva” holdinqinə nəzarət edir. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə