İranın Ərbildəki konsulluğuna hücum olub

İran İslam Respublikasının Ərbildəki konsulluğunun binasına hücum olub. Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda konsulluğa edilən hücum pislənib, bu əməli törədənlərin tutularaq cəzalandırılması istənilib və Ərbil administrasiyasından diplomatik nümayəndəliklər haqqındakı beynəlxalq konvensiyanın şərtlərinə əməl edilməsi tələb olunub.

Baş verən insidenti İraqın rəsmi şəxsləri və ziyalıları da pisləyərək bunu təxribat kimi qiymətləndiriblər. Ərbil administrasiyasından isə bildiriblər ki, insident araşdırılır.

Xatırladaq ki, bir neçə şəxs İranın İraq Kürdüstanının inzibati mərkəzi sayılan Ərbil şəhərindəki baş konsulluğuna hücum edərək bayrağı çıxarıb yerə atıblar. Qeyd etmək lazımdır ki, İran İraq Kürdüstanının müstəqillik istəyinə qarşı kəskin çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə