Madrid Kataloniya hökumətini hakimiyyətdən kənarlaşdırır

İspaniya Nazirlər Kabinetinin şənbə günü keçirilən təcili iclasında Kataloniya hökumətini, o cümlədən muxtariyyətin lideri Karles Puçdemonu hakimiyyətdən kənarlaşdırmaq barədə qərar qəbul edilib. Bunu Baş nazir Mariano Rahoy iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib. “Kataloniyanın nə muxtariyyəti, nə də özünüidarəsi dayandırılmır. Yalnız bu özünüidarəni konstitusiya qanunu və statusu çərçivəsindən kənara çıxaran insanlar vəzifədən kənarlaşdırılır”, - deyə Baş nazir qeyd edib.

O bildirib ki, Jeneralitet (Kataloniya hökuməti) administrasiyası adi şəkildə, lakin hakimiyyət tərəfindən təyin olunacaq yeni rəhbərlik altında fəaliyyət göstərəcək.

Bundan sonra İspaniya hökumətinin qərarını senat təsdiqləməlidir. Bu problemə həsr olunan sessiya oktyabrın 27-nə təyin edilib.

Mariano Rahoy Kataloniyada seçkilər keçirilməsinin məqsədini də elan edərək deyib ki, bu, muxtariyyət normal vəziyyətə qayıtdıqdan dərhal sonra olacaq. Maksimum müddət altı aydır.

loading...