Moqadişoda ölənlərin sayı 300 nəfəri ötüb

Somalinin paytaxtı Moqadişo şəhərində ötən şənbə günü törədilmiş partlayış nəticəsində həlak olanların sayı 300 nəfəri ötüb. Bu barədə oktyabrın 16-da Reuters agentliyi şəhərin təcili tibb xidmətinin başçısı Abdiqadir Abdirəhmana istinadla məlumat yayıb. “Təsdiqləyə bilərik ki, partlayış nəticəsində 300-dən çox insan həlak olub. Bu say arta bilər, belə ki, bəzi insanlar hələ də itkin düşmüş sayılır”.

Bundan əvvəl 276 nəfərin öldüyü və 275 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, bomba yüklü avtomobil paytaxtın Hodan rayonunun izdihamlı küçələrinin birində, Safari otelinin qarşısında partladılıb. Partlayışın məsuliyyətini hələlik heç bir terror qruplaşması üzərinə götürməyib. Lakin ölkənin hakimiyyət orqanları baş verənlərdə “Əl-Qaidə”yə bağlı “Aş-Şabab” qruplaşmasını ittiham edir. Somali hökuməti ilə silahlı mübarizə aparan bu qruplaşma indiyədək ölkə ərazisində onlarla terror aktı törədib. Oktyabrın 14-də Moqadişoda baş vermiş partlayış isə son illər Somalidə qeydə alınan ən böyük terror hücumudur.

Bütün xəbərlər Facebook səhifəmizdə