NATO: "Gürcüstanı dəstəkləməkdə davam edəcəyik"

“Gürcüstanın Müdafiə Nazirliyinin həyata keçirdiyi fundamental islahatlar çox uğurludur”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşdə deyib. O bildirib ki, NATO Gürcüstanda islahatlar prosesini dəstəkləmək üçün səylərini əsirgəməyəcək: “NATO və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətləri var. Biz NATO-ya üzv ölkələrin nazirlərinin görüşünü və gələn il NATO sammitini gözləyirik. Bunların hamısı Gürcüstanın NATO-ya inteqrasiyasında irəliləyişə nail olmağa kömək edəcək”.

L. İzoriya öz növbəsində NATO-nun xüsusi nümayəndəsini Gürcüstana avroatlantik inteqrasiya istiqamətində göstərdiyi böyük dəstəyə görə təşəkkür edərək qeyd edib ki, Gürcüstan alyansın strateji tərəfdaşı olaraq təhlükəsizliyin təmin olunması üzrə səyləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə