Kataloniyaya əlavə polis qüvvələri yeridilir

İspaniyanın Daxili İşlər Nazirliyi regionun müstəqilliyinə dair oktyabrın 1-nə planlaşdırılan referendumun keçiriləcəyi Kataloniyaya əlavə polis qüvvələri göndərmək barədə qərar qəbul edib. TASS informasiya agentliyi xəbər verir ki, bunu krallığın daxili işlər naziri Xuan İqnasio Soido Alvares bildirib.

Əlavə qüvvələrin ictimai asayişi qorumaq məqsədi ilə yerli polisə yardım edəcəyi bildirilir. Onlar ictimai yerlərdə patrul fəaliyyətini həyata keçirəcək, həmçinin qanunsuz referendumun keçirilməsinə reaksiya göstərəcək.

İspaniyanın mülki qvardiyası sentyabrın 20-də Barselonada axtarışlar aparıb və 12 nəfəri, o cümlədən Kataloniyanın iqtisadi və vergi qurumunun rəhbərini saxlayıb. Bunun ardınca İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin referendumun keçirilməsi barədə qərar qəbul etməyə imkan verən prezidium sazişini ləğv edib.

Xatırladaq ki, sentyabrın 6-da Kataloniya parlamenti Madrid tərəfindən qanunsuz sayılan referendum barədə qanun qəbul edib. Ardınca plebisitin oktyabrın 1-də keçirilməsi barədə fərman imzalanıb. Bundan başqa, Kataloniya palatası müstəqillik tərəfdarlarının referendumda qələbə qazanılacağı təqdirdə İspaniyanın tərkibindən çıxma prosedurunu nizamlayacaq qanunu da qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə