Mazut daşıyan gəmi aşıb, Yunanıstana 500 milyon avro ziyan dəyib

Yunanıstanın “Proto Tema” nəşrinin məlumatına əsasən, Egey dənizində qəzaya uğrayaraq aşan mazut dolu “Agiya Zoni 2” gəmisinin bu ölkənin ekologiyasına ziyan vurması iqtisadiyyata da ciddi təsir göstərir. Mazutun dənizə axması nəticəsində ölkə iqtisadiyyatına zərərin 500 milyon avro olduğu ehtimal edilir. Attika sahillərinə dəyən ekoloji zərbə nəticəsində burada fəaliyyət göstərən restoranlar və yeməkxanalar bağlanır, balıqçılığa icazə verilmir. Bu isə onsuz da işsizliyin səviyyəsinin yüksək olduğu ölkədə vəziyyətin daha da çətinləşməsinə gətirib çıxarır.

Sentyabrın 10-da göyərtəsində 2,5 min ton mazut olan “Agiya Zoni 2” gəmisi Salamin adası ilə Pirey limanı arasında qəzaya uğrayıb. Nəticədə Faliro və Qlifade çimərlikləri yararsız vəziyyətə düşüb. Ölkənin səhiyyə naziri əhalinin bu çimərliklərdə üzməsinin qadağan edilməsi barədə əmr imzalayıb.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə