İnsanlığın faciəsi Arakan Şahidlərin gözü ilə

Artıq uzun müddətdir Myanma ordusu və buddist irqçilərin etnik zorakılığı səbəbindən Banqladeşə sığınan arakanlı müsəlmanların faciəsi dünya mediasının gündəmindən düşmür. Qonşu ölkəyə pənah aparan qaçqınların sayı artıq 410 minə çatıb. Türkiyənin HABERTÜRK qəzetinin əməkdaşları ölümlə həyat arasında mübarizə aparan Arakan müsəlmanlarının yaşadığı əraziyə, Kutupalong düşərgəsinə səfər ediblər.

Jurnalistlər çəkdikləri fotolarla 168 min arakanlının yaşadığı ərazinin palçıq tarlasından fərqi olmadığını diqqətə çatdırıblar. Şiddətli yağışdan sonra bataqlığa çevrilən ərazidə nə su, nə də hər hansı ərzaq yoxdur. İçməli suyu yardım təşkilatları vasitəsilə təmin edən arakanlılar gündə 3 dəfə düyü yeməklə yaşamağa çalışırlar.

Uşaqların və kişilərin göldə çimdiyini qeyd edən müxbir, ərazidə antisanitar şərait olduğunu bildirərək, gördüyü ürəkağrıdan səhnələri bu cür ifadə edib: "Arakanlıların yaşayışı əsl insanlığın faciəsidir. Gördüyümüz səhnələr illərlə unudulmayacaq kimidir. Quru torpaq üzərində oturanlar özlərini şanslı hesab edir. Oturmaq üçün quru torpaq tapa bilməyən qadınlar, uşaqlar və düşərgəyə yeni gələn arakanlılar yaş torpaq üzərində yatırlar. Çadırlarda bir neçə qazandan başqa mətbəx ləvazimatları yoxdur. Geyimlər və əşyalar hərəsi bir tərəfdədir. Uşaqların çoxunun üzərində paltar yoxdur, palçıqlı yollarda yalın ayaqla gəzirlər. Tünd qəhvəyi rəngli, çirkabı xatırladan göl suyunda çimən uşaqlar və kişilər bu vasitə ilə təmizlənməyə çalışır. Buradakı vəziyyətə nəzarət edilməsə, yoluxucu xəstəlik təhlükəsi ehtimalı yüksəkdir".

Düşərgədə uşaqların əziyyət çəkdiyini deyən müxbir, onların uşaqlıqlarını unutduqlarını xüsusi vurğulayıb: "Uşaqlar yağış yağdıqda bataqlığa çevrilən ərazidə yeriyə bilmək üçün böyüklər qədər enerji sərf etməyə məcbur olurlar. Kiçiklər analarının qucağında, böyüklər isə yemək tapmağa çalışır. Aclıqdan bir dəri, bir sümük qalan bu uşaqlar üçün oyun oynamaq, əylənmək sadəcə xəyaldır. Ən çarəsiz baxışların sahibi isə qadınlardır. Baxışları ilə gördükləri hər yad adamdan uşaqları üçün kömək dilənən bu analar övladlarının ölməməsi üçün əllərindən gələni edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə