İran Çindən 10 milyard dollar kredit alıb

İran ilə Çin arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Çin infrastruktur layihələrini həyata keçirmək üçün İrana 10 milyard dollar həcmində kredit xətti açıb.

Müqavilə Çinin “CİTİC Group” maliyyə korporasiyası ilə İranın “Rəfah”, “Pasargad”, “Pars”, “Sənaye” və “İxrac” banklarından ibarət konsorsium arasında imzalanıb.

İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, bu müqavilə İran və Çinin mərkəzi bankları arasındakı səmərəli əməkdaşlığın nəticəsində imzalanıb. Onun sözlərinə görə, maliyyə vəsaiti enerji, nəqliyyat, su resurslarının idarə edilməsi sahəsində həyata keçirilən infrastruktur layihələrə sərf olunacaq.

Xatırladaq ki, “CİTİC Group” maliyyə korporasiyası Çinin dövlət investisiya kompaniyasıdır və özündə 44 maliyyə şirkətini birləşdirir. Bu şirkətlərin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və başqa ölkələrdə böyük filialları fəaliyyət göstərir.

Bir sıra yerli ekspertlər hesab edir ki, İran aldığı kreditin bir hissəsini Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun çəkilişinə sərf edəcək. Bu yol Azərbaycan ərazisindən keçməklə İranın dəmir yolları sistemini Rusiya ilə birləşdirəcək və İran mallarının Avropaya ixrac edilməsində mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə