Ceff Bezos dünyanın ən varlı insanı oldu

“Amazon” kompaniyasının səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlı insanları siyahısında ilk pilləyə çıxarıb.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, 53 yaşlı biznesmen “Microsoft” kompaniyasının banisi Bill Geytsi 200 milyon dollar qabaqlayaraq dünyanın ən varlı insanı olub. Hazırda onun varidatı ümumilikdə 90,9 milyard dollar, Bill Geytsin varidatı isə 90,7 milyard dollar həcmində qiymətləndirilir. Sonuncu 2013-cü ildən bəri dünyanın ən varlı insanı statusunu daşıyırdı.

Səhmləri mart ayından başlayaraq 16,5 milyard dollar bahalaşan “Amazon” kompaniyasının son həftə ərzində daha 2 faiz dəyər qazanması Ceff Bezosun sərvətinin də 2,2 milyard dollar artmasına səbəb olub.

İlin əvvəlindən varidatı sürətlə artan Bezos dörd ay əvvəl ispaniyalı Amansio Orteqanı ötərək reytinqdə ikinci yerə yüksəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə