Konfederasiyalar Kuboku: Çili və Almaniya yığmaları yarımfinalda

Dutbol üzrə FİFA Konfederasiyalar Kubokunun “B” qrupunda keçirilən iki oyunla yarımfinala vəsiqə qazanan daha iki komanda müəyyənləşib. Turnirin favoriti Çili millisi Avstraliya ilə üz-üzə gəlib.

Moskvadakı “Spartak” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. 42-ci dəqiqədə rəqibini əks-hücumda yaxalayan Asiya kubokunun qalibi Avstraliya James Troizinin qolu ilə hesabı açıb – 0:1. İkinci hissədə hücumlarının kəsərini artıran cənubi amerikalılar matçda bərabərlik qolunu vurublar – 1:1. Komandaların cəhdlərinə baxmayaraq matçın qalan vaxtında hesab dəyişməyib.

Paralel keçən ikinci oyunda həmin qrupda yer alan turnirin əsas favoritlərdən biri Almaniya autsayder Kamerunla qarşılaşıb. Soçidəki “Fişt” stadionunda keçirilən oyunda Almaniya yığması 3:1 hesabı ilə rəqibini məğlub edib. Son dünya çempionunun heyətində topları oyunun ikinci hissəsinin 48-ci dəqiqəsində Kerem Demirbay, 66-cı dəqiqədə və 82-ci dəqiqələrdə Timo Verner qapıdan keçiriblər. Afrika Millətlər Kubokunun sahibinin heyətində isə 79-cu dəqiqədə Vinsent Abubakar baş zərbəsi ilə fərqlənib. Beləliklə, üç turdan sonra hesabında yeddi xal olan Almaniya millisi “B” qrupunun lideri kimi yarımfinala yüksəlib.

Hesabındakı xalları beşə çatdıran Çili yığması qrup ikincisi olaraq növbəti pley-off mərhələsinə adlayıb. Aktivində iki xal olan Avstraliya və bir xalı olan Kamerun yığmaları müvafiq olaraq qrupda üçüncü və dördüncü yerləri tutaraq turnirdə mübarizəni dayandırıblar.

Xatırladaq ki, “A” qrupundan yarımfinala hər biri 7 xal toplayan Portuqaliya və Meksika komandaları vəsiqə qazanıblar. İyunun 28-də ilk yarımfinal görüşündə Portuqaliya komandası Çili, iyunun 29-da ikinci yarımfinal matçında isə Almaniya yığması Meksika ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə