“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirə Azərbaycan Dövlət Himnin səsləndirilməsi və Azərbaycan Dövlət Bayrağının turizm mərkəzinin qarşısında qaldırılması ilə start verilib. Konfransda Şahdağ Turizm Qapalı Səhmdar Cəmiyyətinin sədri Rodderich Leffler, Quba Destinasiya Menecmenti Təşkilatının sədri Heybət Vəliyev, Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Gülnar Mustafayeva iştirak ediblər.
R.Leffler öz çıxışında burda artıq ikinci dəfə qış mövsümünü qarşıladığını qeyd edib. Dövlət Turizm Agentliyinin təkcə Şahdağ Turizm Mərkəzinin infrastruktur imkanlarının tanıdılması ilə əlaqədar deyil, Azərbaycanın turizmin bütün sahələrində imkanlarının dünyada tanıdılmasında göstərdiyi səyi vurğulayıb. Son 6 ildə ilk dəfə bu il bütün sürüşmə zolaqlarının hər birini aktiv vəziyyətdə qonaqlara təqdim ediləcəyini, SOCAR-ın yanacaq doldurma məntəqəsinin mərkəzdə artıq fəaliyyətə başlayacağını və bir çox yeniliklərlə qış turizminə start veriləcəyini bildirib.
Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Press-tur çərçivəsində media nümayəndələri "Şahdağ" Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar. Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar. Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə