Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumu keçirilib

Azərbaycan Republikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Təcarət Forumu: İpək Yolunun Rəqəmsallaşdırılması” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilib. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə olunub.

Beynəlxalq konfransda açılış nitqi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, eyni zamanda rəqəmsal təşəbbüsləri dəstəkləyir: “Böyük İpək yolunun üzərində yerləşməklə Azərbaycan dünyada ikinci dəfə Rəqəmsal Ticarət Qovşağını yaradıb, eyni zamanda dördüncü sənaye inqilabi mərkəzi ilə əməkdaşlığa başlayıb.

Daha sonra Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı qeyri-rezidentlərə Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq, onlara ölkəyə gəlmədən, sərhədi keçmədən hüquqi şəxsin qeydiyyatını qısa müddət ərzində həyata keçirmək üçün şərait yaradıb. Bütün bu proseslərin reallaşdırılması isə uzun müddətli araşdırmaları, elmi tədqiqatın nəticəsində mümkün olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya üzrə həyata keçirilən islahatlar, reallaşdırılan layihələr, dövlət qurumları ilə banklar və maliyyə bazarlarının digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlığı qaçılmaz edir: “Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək. Əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl , həm dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir. Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnəvasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bu gün ölkəmizdə elektron hükumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyətli layihələr həyata keçirilir. Ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib. Cari ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “mygov” platforması istifadəyə verilib. Bundan başqa rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Tədbirdə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzərTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev İKT sahəsində davamlı inkişafdan, eləcə də özəl sektorun İKT sahəsinə verdiyi tövhələrdən danışıb: “Şirkətimiz tərfindən hazırda Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün ”Azerbaijan Digital Hub” proqramı icra edilir. Fuad Allahverdiyev qeyd edib ki, Konsorsiumun qurulması ölkəmizdə rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin genişlənməsinə töhfə verəcək. O, AzərTelecom tərəfdən istər rəqəmsal infrastrukturdan istifadə, istərsə də Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Konsorsiuma dəstək verilməsinə hazır olduqlarını deyib.

Qeyd edək ki, Konsorsiumun yaradılması haqqında dördtərəfli müqavilə ilk dəfə olaraq Asan İmza vasitəsilə onlayn imzalanıb.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə