“Bakcell” şirkətinin daha bir satış və xidmət mərkəzi açılıb

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin Bakıda daha bir satış və xidmət mərkəzinin açılışı olub. SİA xəbər verir ki, açılış mərasimində çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bu mağazanın tamamilə yeni konsepsiyada və daha çox interaktiv elementlərlə tərtib olunduğunu bildirib.

O, ilin sonuna kimi bu mağazadan telefon alan hər bir şəxsə şirkət tərəfindən hədiyyələr təqdim ediləcəyini deyib:
“Bakcell” yeni konsepsiyası ilə sizi təəccübləndirəcək. Mağazamızın tərtibatı tamamilə yenidir. Ümid edirəm, yeni konsepsiya satışlara da öz təsirini göstərəcək. Biz çalışacağıq ki, gələcəkdə bütün mağazalarımızı yeniləyək. Bundan başqa, ilin sonuna kimi yeni mağazamızdan telefon alan şəxslər 2019-cu ilin sonuna kimi şəbəkədaxili pulsuz zəngdən və meqabaytlarla dolu internetdən yararlana biləcəklər”.
Şirkət direktoru gələn il Bakcell MMC-nin yeni mobil telefonunun satışa çıxarılacağını da bildirib:
“Gələn ilin birinci rübündə mobil telefonumuzu müştərilərə təqdim etməyi planlaşdırırıq. Telefon bütün müasir funksiyalara malik olacaq və çox sərfəli qiymətə satışa çıxarılacaq”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə