“Samsung” saxta məhsul istehsalçısı ilə əməkdaşlıq edəcək

“Samsung” bu dəfə yeni bir cihaz əvəzinə, saxta məhsullar istehsal edən firma ilə əməkdaşlıq etməklə gündəmə gəlib. Cənubi Koreya brendi rəsmi olaraq saxta məhsullar istehsal edən “Supreme” şirkəti ilə əməkdaşlıq etdiyini açıqlayıb. Bəs görəsən nə baş verir?

“Samsung” son 1 ayda etibarını sarsıdıb. Öncə “iPhone”-a qarşı rəsmi “Samsung” hesablarından paylaşılan “Tweet”-lər, daha sonra bir smartfonunun kamera özəlliyini önə çıxarmaq üçün DSLR cihazı ilə çəkilən fotonu telefonla çəkilmiş kimi göstərmə hallarından bəhs edərkən, bu gün həmin şokedici xəbərlərə daha biri əlavə olundu.

Samsung təşkil etdiyi tədbirdə “Supreme” firması ilə əməkdaşlıq etdiyini bildirib. Dünya üzərində iki “Supreme” firması yerləşir. Bunlardan birincisi və rəsmi hesab ediləni “Supreme Nyu-york” digəri isə “Supreme İtaliya”dır. “Supreme İtaliya” firması İtaliya qanunlarındakı boşluqlardan sui-istifadə edərək “Supreme NY” firmasını eynilə nüsxələyir. Yəni, qanuni-saxta məhsullar istehsal edir. “Samsung” “Supreme” ilə əməkdaşlıq edərək bir növ, aksesuarları Çində satacağını bildirir. Ancaq “Supreme Nyu-york” Çində satışla məşğul olmur. Bu səbəbdən, Cənubi Koreya brendi “Supreme İtaliya” ilə razılıq əldə etdiklərini də qeyd edir. Yəni, qanuni, lakin saxta istehsaledici quruluşla məhsullar satışa çıxarılacaq.

Bu məlumat, şəxsən Cənubi Koreya nəhənginin Çindəki rəqəmsal marketinq üzrə rəhbəri Leo Lau tərəfindən də təsdiqlənib. Xarici mətbuatda bu qədər nəhəng şirkətin qanuni boşluqlardan istifadə edərək saxta məhsul hazırlayan “Supreme İtaliya” ilə razılaşması isə əməlli-başlı reaksiyaya səbəb olub və gündəm yaradıb.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə