“AzerTelecom” korporativ müştərilərə kiber hücumlardan müdafiə xidməti təqdim edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” korporativ müştərilərə kiber hücumlardan (DDOSS attack protection) müdafiə xidməti təklif edir. Qeyd edək ki, bu, şirkətin təqdim etdiyi internetin topdan satışı, ayrılmış kanal xidməti, beynəlxalq tranzit kimi xidmətlərlə bərabər şirkətin daim təkmilləşən xidmət portfoliosuna daxildir.

Hazırda bütün dünya üzrə kiber hücumlarının geniş vüsət aldığı, xidmətdən normal istifadəyə ən müxtəlif maneələrin yaradıldığı şəraitdə belə hücumlardan qorunmaq mühüm əhəmiyyət kəsb edir. Belə ki, DDOS (A distributed denial of service – xidmətdən imtinaya gətirən hücumlar) hücumlar veb-saytın, veb-serverin və digər şəbəkə resurslarının sabit fəaliyyətini pozmaq, çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir və sorğuların emalı üçün resurslar çatışmayanda bu, xidmətin dayanmasına və fəaliyyətin normal bərpası üçün izafi xərclərin yaranmasına gətirib çıxardır.

“AzerTelecom” şirkətinin xidmət portfoliosunda mövcud olan və müxtəlif müştərilərə təqdim edilən DDOS hücum əleyhinə müdafiə xidməti isə kiber hücumlar zamanı onların istifadə etdikləri xəttin müdafiəsini və internet xidmətinin istifadəçiyə maneəsiz çatdırılmasını təmin edir. DDOS hücum əleyhinə müdafiə müştərilərə təhlükəsiz formada internet xidmətindən istifadə etmək imkanı yaradır və onları bu tip hücumlar zamanı əlavə xərclərin çəkilməsindən azad olurlar. “AzerTelecom” kiber hücumların dünya miqyasında artdığı şəraitdə bu hücumlardan müdafiə xidmətini innovativ texnologiya əsasında 24/7 rejimində təqdim edir.

Qeyd edək ki, Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru “AzerTelecom” MMC 2008-ci ildən fəaliyyət göstərir və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...