“FIRST LEGO League Azərbaycan” robototexnika yarışına start verildi

Mayın 12-də Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” MMC-nin birgə təşkilatçılığı və PAŞA Bank, Enginet və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin dəstəyi ilə məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına start verilib. SİA-nın verdiyi məlumata görə, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il təşkil olunan bir yarışdır. Yarışın məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Hər il dünyanın 80-dən artıq ölkəsində 250 mindən artıq məktəblinin cəlb olunması ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunur. Bu ilki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. FLL çərçivəsində hər komandada 4 məktəbli olmaqla 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla 4 kateqoriya üzrə gücünü sınayır.

MDB məkanında FLL formatında ilk müsabiqə 12 mart 2005-ci ildə Azərbaycanda “Robotlar Missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 Milli Robot Yarışı təşkil olunub və azərbaycanlı məktəblilər 2 dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.

“FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika üzrə qeydiyyatdan keçən Təhsil Nazirliyinin birbaşa tabeliyində və özəl fəaliyyət göstərən ümumtəhsil müəssisələrində yaradılmış komandalara təşkilatçılar tərəfindən xüsusi FLL hidrodinamika dəstləri verilib.

Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq və yerli mütəxəssislər və “ADA” Universitetinin müəllimlərindən təşkil olunub.

İştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaqlar. Çempion məktəb komandası 6-8 iyunda Estoniyanın paytaxtı Tallində keçiriləcək Açıq Beynəlxalq Turnirdə iştirak edəcək.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...