Virus proqramları istifadəçilərə ziyan vurub

2016-2017-ci illərdə şifrləyici virus proqramlarından ziyan çəkən istifadəçilərin sayı 1 milyonu ötüb. Bu barədə Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkətinin press-relizində deyilir.

2015-2016-cı illərin müvafiq dövrü ilə müqayisədə son 2 ildə faylları şifrləyən troyanlardan ziyan görən istifadəçilərin sayı təxminən 2 dəfə - 718 536 nəfərdən 1 152 299 nəfərədək artıb.

Şirkətin antivirus üzrə eksperti Anton İvanovun sözlərinə görə, şifrləyici proqramların hücumlarının artması ilə bağlı əsas narahatlığı onların getdikcə daha çox maliyyə və sənaye infrastrukturunu hədəf seçmələri doğurur: “Belə tendensiyanın səbəbi aydındır: cinayətkarlar təşkilatlara məqsədli zərərli hücumları adi istifadəçilərə kütləvi hücumlardan daha gəlirli hesab edirlər. Bu halda cinayətkarların məqsədi təkcə şirkətin pulları deyil, şantaj və sabotaj üçün istifadə oluna biləcək qiymətli informasiyadır. Bu yaxınlarda dünyada minlərlə kommersiya şirkətinin və dövlət təşkilatının kompüterlərini yoluxduran “WannaCry” və “ExPetr” virusları bu narahatlığı bir daha təsdiq edir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...