Kibersport Federasiyasının təqdimatı olub

Azərbaycan Kibersport Federasiyası (AKF) və "Gaming League Azerbaijan" təşkilatının təqdimatına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Nizami Kino Mərkəzində təşkil olunan tədbirdə "Gaming League Azerbaijan" təşkilatının rəhbəri Cahangir Tağıyev qurumun nümayəndələrini təqdim edib.

Bildirib ki, "Nizami Esport Arena" Qafqazda parametrlərinə görə birinci yerdədir. Həmçinin dünyanın aparıcı ölkələri arasında ön sıralardadır: "Burada son texnologiyalardan istifadə olunur. Yerli yarışlarla yanaşı, beynəlxalq turnirlərin təşkili də nəzərdə tutulub. Kibersport inkişafı üçün arenada bütün şəraitlər var".

AKF-in Mətbuat Xidmətinin rəhbəri Kənan Quliyev bu idman növünün iqtisadi gəlirləri barədə danışıb. O bildirib ki, DOTA 2 son dünya çempionatında ümumi mükafat fondu 34 milyon dollar, FIFA oyunu üzrə dünya çempionatının mükafat fondu isə 14 milyon dollar təşkil edib: "Komandamız DOTA 2 üzrə dünya çempionatında çıxış edir. Onlar ilk dəfə qatıldıqları yarışın qrup mərhələsində iki qələbə qazanıblar".

"Gaming League Azerbaijan" təşkilatının tərəfdaşı olan "Erangel Protuction" şirkətinin rəhbəri Zaur Orucov dünyada bu idman növü ilə məşğul olanların sayının artdığını vurğulıb: "Rusiyada 16, Türkiyədə 11 Azərbaycanda isə 1,5 milyon mobil oyun istifadəçisi var. Bunun əsasını "Pubg Mobile" oyunu təşkil edir. Bunu nəzərə alaraq eSportun bu növü üzrə gələn ilin martında Azərbaycan Kuboku təşkil olunacaq. Final mərhələsi "Crystal Hall"da olacaq. Yarış üçün 1536 nəfər qeydiyyatdan keçib. Finalda Rusiya və Türkiyənin tanınmış müğənniləri iştirak edəcək. Kibersport 2022-ci ildə Asiya oyunlarında debüt edəcək. 2024-cü ildə də isə Paris Yay Olimpiya Oyunlarının proqramına salınacağı gözlənilir. 2021-ci ildə "Pubg" oyunu üzrə dünya çempionatını Azərbaycanda keçirmək istəyirik".

Turnirlərin təşkili şöbəsinin müdiri Adil Mammudov sabah FIFA oyunu üzrə turnirin start götürəcəyini bildirib: "Yarışın qalibləri xüsusi liqalarda çıxış edəcək. Qaliblər üçün xüsusi formalar hazırlanacaq".

Sonda media nümayəndələri bu gün istifadəyə verilən arena ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə