Portuqaliya millisi üçüncü dəfə dünya çempionatının qalibi olub

Paraqvayda təşkil olunan çimərlik futbolu üzrə XX dünya çempionatı başa çatıb. SİA-nın məlumatına görə, finalda İtaliya seçməsini 6:4 hesabı ilə məğlub edən Portuqaliya yığma komandası üçüncü dəfə çempionluq tituluna sahib olub.

Üçüncü yer uğrunda görüşdə isə Rusiya komandası Yaponiya üzərində 5:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yarımfinalda İtaliya seçməsi Rusiyanı 8:7 hesabı ilə məğlub edib. Əsas vaxtı 3:3 hesabı ilə başa çatan Portuqaliya – Yaponiya oyununda isə avropalılar penaltilər seriyasında üstün olublar.

İtaliya millisinin üzvü Qabriele Qori 6 oyunda 16 qol vuraraq çempionatın ən məhsuldar futbolçusu olub. Yaponiyalı Ozu Moreira “Qızıl top”, Portuqaliya millisinin qapıçısı Andrade “Qızıl əlcək”, Seneqal yığması isə “FIFA Fair Play” mükafatına layiq görülüb.

Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov final matçında üçüncü hakim funksiyasını yerinə yetirib.

FIFA-nın təşkilatçılığı ilə keçirilən çempionatda 16 komanda 4 qrupda mübarizə aparıb. Ev sahibi Paraqvay komandası A qrupunda Yaponiya, İsveçrə və ABŞ seçmələri ilə yarışıb. Uruqvay, Meksika, İtaliya və Tahiti milliləri B, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Rusiya komandaları C qrupunda yer alıblar. Braziliya, Oman, Portuqaliya və Nigeriya yığmaları isə D qrupunda çıxış ediblər.

Azərbaycan seçməsi çimərlik futbolu üzrə dünya çempionatının iyulun 19-27-də Moskvada keçirilən təsnifat yarışlarında qrup mərhələsinin birinci dövrəsində qrupdan çıxa bilib. Lakin komandamız ikinci dövrədə uğursuz çıxış edərək sonuncu pillədə qərarlaşıb.

Çimərlik futbolu üzrə dünya çempionatları 1995-ci ildən etibarən keçirilir. 2005-ci ildən FIFA-nın bayrağı altında keçirilən bu turnir 2009-cu ildən başlayaraq iki ildən bir təşkil olunur. Bundan əvvəl bu turnirə Braziliya 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham Adaları hərəsi bir dəfə ev sahibliyi edib. Növbəti – XXI çempionat 2021-ci ildə Rusiyada keçiriləcək.

Çimərlik futbolu üzrə ən çox çempionluq titulu bu turnirin sonuncu qalibi Braziliya seçməsinə məxsusdur. Braziliyalılar kuboku 14 dəfə başları üzərinə qaldırıblar. Portuqaliya seçməsi üç, Rusiya iki, Fransa isə bir dəfə çempion olub.

Bütün xəbərlər Facebook səhifəmizdə