Alpaqut üzrə II dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib

Bakıda təşkil olunacaq alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı ilə əlaqədar noyabrın 21-də beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Dünya və Azərbaycan Alpaqut federasiyalarının, ikinci dünya çempionatında iştirak üçün ölkəmizə gəlmiş komandaların nümayəndələri iştirak ediblər.

Konfransda alpaqut döyüş sənətinin qurucusu, Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri, kutsan Vasif Namazov, federasiyasının texniki direktoru Tuncay Merinci, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şıxəliyeva və digərləri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, alpaqut idman növünə dünyada maraq getdikcə artır. Bakıda alpaqut üzrə birinci dünya çempionatının ötən il yüksək səviyyədə təşkil olunduğunu vurğulayan konfrans iştirakçıları ikinci turnirin də uğurla keçiriləcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək. Yarış döyüş sənətinə daxil olan beş - aypara, batur, caymaz, qurşaq və kaçut sistemləri üzrə təşkil olunacaq. Dünya çempionatında 24 ölkədən 500-dən çox idmançı mübarizə aparacaq.

Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.

“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.

Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə