“Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm” Umberto Orta Dominqez

“Əvvəllər Bakıda olmuşam. Dünya çempionatı zamanı paytaxtınıza gəlmişdim. Yəni Bakı, Azərbaycan haqda məlumatım var, insanlarınızın xarakterinə, qonaqpərvərliyinə bələdəm”. SİA-nın məlumatına görə, bunu kişi boksçulardan ibarət Azərbaycan yığmasının yeni kubalı baş məşqçisi Umberto Orta Dominqez deyib.

Artıq komandanı bir araya gətirən yeni çalışdırıcı Azərbaycan boksu barədə ətraflı məlumata malik olduğunu qeyd edib: “Bilirəm ki, beynəlxalq arenada yüksək nailiyyətlər əldə edirlər. Kuba yığmasında çalışdığım zaman Azərbaycan boksçularından həmişə çəkinmişik və onlara rəqib olmaq istəmirdik. 3 il Rusiya işləmişəm. Orada millidə də çalışmışam. Bu da Azərbaycan komandasını daha yaxşı tanımaq baxımından əhəmiyyətli rol oynayıb”.

Azərbaycan Boks Federasiyasının saytına danışan Dominqez bildirib ki, əsas hədəfi ölkədə ən güclülərdən komanda formalaşdırmaq və qarşıdakı hər bir yarışda inamlı çıxış etməkdir: “Noyabrın sonlarında Azərbaycan çempionatı olacaq. Yarışın nəticəsinə uyğun kollektiv formalaşdıracağıq. Qaliblər komandaya cəlb ediləcəklər. Bundan sonra onların hər birini yoxlayacağıq, fiziki durumunu nəzərdən keçirib, səviyyəsini daha yaxşı biləcəyik. Ardınca məşqləri davam etdirəcəyik. Əsas diqqət texniki və fiziki hazırlığa yönələcək”.

18 dünya birinciliyi, 1 dünya çempionatı və 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxaran təcrübəli mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmağı planlaşdırdıqlarını da vurğulayıb. O, 6 vəsiqə əldə edəcəklərinə inam ifadə edib: “Məsuliyyətimizi bilirik. Çalışacağıq ki, maksimum sayda vəsiqə əldə edək. Amma 8 çəki dərəcəsindən 6-da lisenziya qazansaq, bu, çox gözəl olacaq. Hələlik əsas hədəfimiz budur”.

Dominqez gələn il martın 13-23-də Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdəki Dünya Olimpiya Təsnifat Turniri ilə bağlı hazırlıq planını da açıqlayıb: “Azərbaycan çempionatının yekununa əsasən bir araya gələcəyik. Öncə bir neçə milli komanda ilə birgə təlim-məşq toplanışımız olacaq. Yanvarda ölkə xaricinə çıxacağıq, hazırlığı orada davam etdirəcəyik. Fevralda dağlıq ərazidə məşq planlaşdırırıq. Martda ilk lisenziya turnirinə qatılacağıq. Burada qazanacağımız vəsiqələrin sayından asılı olaraq, növbəti lisenziya turnirinə hazırlaşacağıq”.

Dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanan 53 yaşlı çalışdırıcı Tokio-2020-də 10-cu çempionluğu əldə etmək istəyini də gizlətməyib: “Komandada motivasiya çox yüksəkdir. Buna əsasən deyə bilərəm ki, istəyimizə doğru inamla addımlayacağıq. Olimpiadada 10-cu qızıl medalı Azərbaycanla əldə etmək istəyirəm. İnanıram ki, bunu bacaracağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...