Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə böyük məmnuniyyətlə bildirir ki, Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletləri oktyabrın 22-də şirkətin rəsmi vebsaytında (www.bakucitycircuit.com) və iTicket kassalarında satışa çıxarılıb. SİA-nın məlumatına görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində 5-ci dəfə keçiriləcək Formula 1 yarışı gələn il 5-7 iyun tarixində baş tutacaq.

Yarışın keçirilməsinin beşilliyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20 % endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. BŞH avtoidman azarkeşlərini Formula 1 Azərbaycan Qran Prisi 2020-yə tezliklə bilet alaraq mövcud endirim fürsətindən yararlanmağa çağırır.

İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 4 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Bu bənzərsiz təcrübə minlərlə coşğulu F1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləriFormula 1 Dünya Çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan Qran Prisinə necə hazırladıqlarının şahidi olmaq imkanınıtəqdim edir.

Bakıda 2019-cu ilin aprelində Formula 1-in ən sürətli şəhər trekində baş tutmuş sonuncu yarış trekdə olan gərgin mübarizə və trekdən kənarda olan əyləncə proqramları ilə yenə böyük uğurlara imza ata bildi. Ard-arda iki il dramatik və gözlənilməyən nəticələr ilə yadda qalan Bakı trekinin yüksək sürət yığmağa imkan verən düzlüklərində və dolanbaclı, dar küçələrində daha bir möhtəşəm yarışın baş tutacağına dair gözləntilər yenə ən yüksək həddə idi. Lakin bu səfər əsas dramatik məqam şənbə günü keçirilmiş sıralanma turu zamanı baş verdi. Belə ki, əvvəl Uilyams komandasının sürücüsü Robert Kubika, sonra isə Ferrari komandasının istedadlı gənc pilotu Şarl Lekler Formula 1 təqvimində yer alan treklərarasında ən dar hissənin olduğu Bakı trekinin 8-ci döngəsini qəzasız keçə bilmədi.

Çətin keçən sıralanma turundan sonra pilotlar Bakı trekində oxşar səhvlərə yol verməmək üçün bazar günü baş tutmuş yarışda daha ehtiyatlı mübarizə ortaya qoydular. Buna baxmayaraq yarış bir sıra məqamlarla yaddaqalan oldu və bu məqamlardan ən maraqlısı 2018-ci ildə finala gedərkən texniki səbəblərdən yarışı yarıda buraxmaq məcburiyyətində qalan Mercedes komandasının finlandiyalı pilotu Valteri Bottasın komanda yoldaşı Luis Hamilton və Ferrari pilotu Sebastian Fetteli qabaqlayaraq qələbəyə yiyələnməsi idi. Bununla da Bakı yarışları 4-cü fərqli pilotun qələbəsinə şahid oldu. Görəsən biz gələn il sayca 5-ci dəfə keçiriləcək növbəti Formula 1 yarışında yenidən fərqli pilotun qələbəsini görə biləcəyikmi?

Həmçinin ötən il trekdə gərgin mübarizə şəraitində keçmiş yarış sessiyalarından sonra axşam saatlarında Bakının görkəmli Kristal Zalında dünya ulduzlarından Cessi Cey və Kardi B-nin iştirakı ilə möhtəşəm konsert proqramları da baş tutmuşdu.

BŞH-nin icraçı direktoru Arif Rəhimov biletlərin satışa çıxarılması xəbərini böyük məmnuniyyətlə qarşıladığını bildirib:“Biz artıq gələn il 5-ci dəfə Bakıda keçiriləcək Formula 1 yarışına hazırlıqlara yüksək əminlik, razılıq və həyəcanla start vermişik. Bu həyəcan və coşğunu 2016-cı ildə Formula 1 ailəsinə ilk dəfə qatılarkən sadəcə xəyal edirdik. Növbəti əlamətdar yarışı xüsusilə qeyd etmək üçün azarkeşlərə 20 %-lik endirim təklif edirik. Bununla da biz həm ölkə daxilindən, həm də ölkə xaricindən yarışa indidən bilet almaq istəyənlərə güclü stimul verməyə çalışırıq. Hər il Bakıda keçirilən Formula 1 yarışının mövsümün ən həyəcanlı yarışlarından birinə çevrilməsinə və dünyanın dördbir yanından Formula 1 azarkeşlərinin göstərdiyi xüsusi rəğbətə şahid olmaq həm mənim üçün, həm də rəhbərlik etdiyim bütün kollektiv üçün həqiqətən də böyük qürurverici haldır. Evsahibliyi etdiyimiz sonuncu yarış yenə də gərgin mübarizə və möhtəşəm əyləncə ilə yaddaqalan oldu. İnanıram ki, gələn ilin iyununda Bakıya Formula 1 yarışı gəldiyində yenidən dramatik məqamlara, yüksək sürətə və həyəcandolu anlara şahid olacağıq”.

Dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərəendirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır. Qeyd edək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.

Yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 AZN arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 AZN təşkil edir.Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110-190 AZN aralığındadır.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2020-ni yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı www.bakucitycircuit.com vebsaytından əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə