Uşuçularımız dünya çempionatına qələbə ilə başlayıblar

Azərbaycan idmançıları Çinin Şanxay şəhərində keçirilən uşu üzrə XV dünya çempionatına qələbə ilə başlayıblar. SİA-nın məlumatına görə, mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov Şri-Lanka idmançısı Laksman Gunasekara Vickramageni məğlub edərək növbəti mərhələyə yüksəlib. O.Hətəmov növbəti mərhələdə qazaxıstanlı Alişer Yessenbayev ilə üz-üzə gələcək.

İlk görüşündə fransalı Bilal Talhanı üstələyən Elçin Eminov (56 kq) ikinci görüşünü koreyalı Ungjin Yuna qarşı keçirəcək. Birinci qarşılaşmasında belaruslu Yauhen Sliaptsouya qalib gələn Ruslan Pirəliyev (65 kq) isə filippinli Klemente Tabuqara ilə münasibətlərinə aydınlıq gətirəcək.

Uşu üzrə yığma komandamız dünya çempionatında böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparır.

Oktyabrın 23-də yekun vurulacaq çempionatda 120-yə yaxın ölkənin idmançıları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə