Badmintonçumuz qızıl medal qazanıb

Oktyabrın 20-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən “Egypt International 2019” beynəlxalq turnirində qızıl medal qazanıb. SİA-nın məlumatına görə, mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirib.

Badmintonçumuz rəqibini məğlub edərək səkkizdəbir finala adlayıb. Bu mərhələdə idmançımız hindistanlı Dvur Ravatı 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Dörddəbir final mərhələsində belçikalı Maksim Morelsi mübarizədən kənarlaşdıran Dviçayo yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə üz-üzə gəlib. Dviçayo finalda çexiyalı Milan Ludiki 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə ilk görüşündə irlandiyalı Conatan Dolana 0:2 hesabı ilə uduzub.

Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Qeyd edək ki, badmintonçumuz E.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə