Azərbaycan millisinin mətbuat üçün açıq məşqi olub

Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının oktyabrın 17-də Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçirilib.

SİA-nın məlumatına görə, məşqdən əvvəl brifinq təşkil olunub.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımızı təbrik edən baş məşqçi Joze Alesio Da Silva deyib: “Dünya çempionatının əsas mərhələsində çıxış edəcəyimiz qrupda birinci yeri tutmağa çalışacağıq. Heyətlə bağlı kiçik problemlərimiz var. Belə ki, futzalçılarımız Everton Kardoso Qalo və Karvalyo Viela dos Santos zədəlidirlər”.

Baş məşqçi rəqibləri güclü və zəiflərə bölməyin düzgün olmadığını deyərək vurğulayıb ki, Moldova və Monteneqro ilə oyunlar da bizim üçün vacibdir. Slovakiyaya qarşı matç isə daha çətin keçəcək. Amma ona qədər hər iki görüşü yüksək səviyyədə keçirməli və uğurlu nəticə qazanmalıyıq.

Joze Alesio Da Silva oktyabrın 24-də “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Kiprin APOEL komandası ilə oyununun millimizin Monteneqro yığmasına qarşı görüşü ilə üst-üstə düşməsinin problem yaratmadığını deyib. Qeyd edib ki, “Qarabağ”ın oyununa daha çox azarkeş gedəcək. Amma futzala da baxanlar var və onlar arenanı dolduracaqlar.

“Araz” komandası Çempionlar Liqasında yaxşı nəticə göstərmədi. Amma Belçikaya tam istədiyimiz heyətlə gedə bilmədik. Çoxlu sayda oyunçumuza viza verilmədi. Bu, bizdən asılı olmayan vəziyyət idi. Orada 6 nəfərlə mübarizə apardıq. Ancaq bu amilin milliyə təsir etməyəcəyini düşünürəm. Çünki uşaqlar istirahət ediblər və Çempionlar Liqasında bu heyətlə nəticə qazanmağın çətin olacağını başa düşürdülər”, - braziliyalı mütəxəssis əlavə edib.

Çempionlar Liqasında uğursuz çıxışın milli komandaya təsir etməyəcəyini vurğulan yığmamızın üzvü Xətai Bağırov deyib: “Hazırlıq yüksək səviyyədə gedir. Çempionlar Liqasında nəticələrimiz zəif oldu. Bu da məlum səbəblərdən idi. Oyunçularımıza viza verilmədi. Məcburiyyətdən beş futzalçı ilə oynadıq.

Slovakiya və Moldova yığmaları ilə daha əvvəllər də qarşılaşmışıq. Onların oyununa bələdik. Düşünürəm ki, uğurlu nəticə əldə edə biləcəyik. Öz meydanımızda oynayırıq. Rəqiblərə qarşı necə oynayacağımızı bilirik. Ümidvaram ki, hər şey yaxşı olacaq”, - deyə X.Bağırov əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, 24-də Monteneqro, 26-da isə Slovakiya ilə üz-üzə gələcək. Görüşlər Bakı İdman Sarayında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə