Aikidoçumuz Stiven Siqalın seminarında iştirak edib

Moskvada tanınmış Hollivud ulduzu və aikido üzrə yeddinci dan qara kəmər sahibi Stiven Siqalın rəhbərliyi ilə ikinci beynəlxalq budo festivalı keçirilib.

SİA-nın xəbərinə görə, festivalda ABŞ, Rusiya, Belçika, Niderland, İtaliya, Finlandiya, Polşa, Qazaxıstan, Belarus və digər ölkələri təmsil edən aikido ustaları iştirak ediblər.

Ölkəmizi festivalda Azərbaycan Aikido Federasiyasının nümayəndəsi, birinci dan qara kəmər sahibi Ramin Məmmədzadə təmsil edib. Üç gün davam edən festivalda iştirakçılara aikido idman növünün incəlikləri barədə məlumat verilib. Tədbirdə müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verilməklə yanaşı, həmçinin aikido idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub.

Seminar başa çatdıqdan sonra Ramin Məmmədzadə və Stiven Siqal arasında danışıqlar olub. Danışıqlar zamanı Hollivud ulduzunun gələn il Azərbaycanda aikido üzrə ustad dərsləri keçməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, tanınmış Hollivud ulduzu Stiven Siqal dəfələrlə Bakıda qonaq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə