Türkiyə Prezidentindən "əsgər salamı"na açıqlama

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan UEFA-nın ölkə yığmasına əsgər salamına görə intizam işi açmasına dair məsələyə münasibət bildirib.

SİA-nın məlumatına görə, dövlət başçısı Avropa futbol qurumunun bu addımını müsbət qəbul etmədiyini açıqlayıb.

"Belə bir şey həyatda olmayıb. Mən buradan çox ciddi bir şeyin çıxacağını təxmin etmirəm. Olsa-olsa qınaya bilərlər. Bu nöqtəyə gələn komandaya başqa bir mənfi yanaşma olmayacaq" deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə milli komandası Fransa yığmasına AVRO-2020-nin seçmə matçında vurduğu qolu əsgər salamı ilə qeyd edib. Kaan Ayxanın bərabərlik qolundan sonra bütün futbolçular qapı arxasındakı tribunalara tərəf gediblər. Onlar Türkiyə ordusunun "Barış Pınarı Hərəkatı"na dəstəklərini əsgər salamı ilə göstəriblər. Daha əvvəl Türkiyənin Albaniya ilə matçında vurduğu qoldan sonra da eyni addım atılıb. UEFA əsgər salamına görə Türkiyə millisinə qarşı intizam işi açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə