Bədii gimnastika və aerobika gimnastikası üzrə çempionat keçiriləcək

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi ilə Bakı çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, oktyabrın 10-da start götürəcək yarışlar 4 gün davam edəcək.

İlk olaraq bədii gimnastlar mübarizə aparacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Aerobika gimnastları isə eyni yaş kateqoriyalarında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Turnirə biletləri arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/competition/72/#/buyticket) əldə etmək mümkündür. Qiymətlər 10 - 12 oktyabrda 6 manat, 13 oktyabrda 8 manat təşkil edir. Yarışlar saat 12:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə