Azərbaycan güləşçiləri dünya çempionatına səfərdə hazırlaşacaq

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.

SİA-nın məlumatına görə, mundiala daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə Azərbaycanın müvafiq komandası bu gün Dağıstana yola düşüb.

Məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək Mahaçqalada yerli komanda ilə birgə davam edəcək təlim-məşq toplanışında 13 güləşçi yer alacaq. Hazırlıq prosesinin ilk günlərindən məşqlərdə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (hamısı 70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) iştirak edəcək.

Həftəsonu Yakutskda keçiriləcək Dmitri Korkin Memorialında mübarizə aparacaq Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra təlim-məşq toplanışına qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...