Rusiyalı gimnast ardıcıl 3-cü dəfə dünya çempionu olmaqla rekordu təkrarlayıb

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının 5-ci gününə yekun vurulub.

SİA-nın məlumatına görə, gimnastlar fərdi çoxnövçülükdə mükafatçıları müəyyənləşdiriblər. 24 idmançının qatıldığı final mərhələsinin qalibi adına rusiyalı Dina Averina yiyələnib. O, 91,400 xal toplayıb. D.Averina bununla da ardıcıl 3-cü dəfə dünya çempionu olmaqla rekordu təkrarlayıb. İkinci yeri onun bacısı Arina Averina tutub – 91,100.

89,700 xal toplayan israilli Linoy Aşram bürünc mükafat qazanıb. Azərbaycan gimnastı Zöhrə Ağamirova isə 16-cı olub. O, yarışı 78,725 xalla bitirib. Çempionatın əsasnaməsinə görə, ilk 16 yeri tutan idmançılar 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Azərbaycan təmsilçisi Z.Ağamirova ilə yanaşı, Dina və Arina Averina (hər ikisi Rusiya), Linoy Aşram, Nikol Zelikman (hər ikisi İsrail), Boryana Kaleyn, Katrin Taseva (hər ikisi Bolqarıstan), Vlada Nikolçenko, Kristina Pohraniçna (hər ikisi Ukrayna), Alexandra Aqiurgiulesku (Rumıniya), Milena Baldassarri (İtaliya), Evita Qriskenas, Laura Zenq (hər ikisi ABŞ), Kaho Minaqava (Yaponiya), Anastasiya Salos, Katarina Qalkina (hər ikisi Belarus) da buna nail olub.

D.Averina Bakıda qazandığı medalların sayını 6-ya çatdırıb. Çoxnövçülükdən başqa top, lent və gürzlərlə, həmçinin komanda yarışında da çempion olan rusiyalı yalnız halqada qızılı əldən verib. Onun bürünc qazandığı bu növdə həmyerlisi Yekaterina Seleznyova çempionluq yaşayıb.

Qeyd edək ki, sabah qrup hərəkətlərində təsnifat mərhələsi baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə