Son dörd sərbəst güləşçimizin rəqibləri müəyyənləşib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. SİA-nın məlumatına görə, səkkizinci yarış günündə - sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək.

Sentyabrın 20-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əhmədnəbi Qvarzatilov (61 kq) kubalı Yovlis Bonne Rodriger, Cəbrayıl Həsənov (79 kq) Andrey Sokalski (Polşa)-Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə, Aleksandr Qostiyev (86 kq) Özbəkistan təmsilçisi Cavrail Şapiyev, Şərif Şərifov (97 kq) isə Minvon Seo (Koreya Respublikası) ilə qarşılaşacaq.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...