Bu gün 6 sərbəst güləşçimiz dünya çempionatı ilə vidalaşıb

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın 6 güləşçisi yarışıb. SİA-nın məlumatına görə, onlardan 2-si bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxıbsa, qalanları mübarizəyə qoşulub.

Əvvəlcə Mahir Əmiraslanov 57 kq çəkidə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlarının qalibi Bexbayar Erdenebatla ilk təsəlliverici döyüşünü keçirib. Qarşılaşma heç-heçə yekunlaşıb - 4:4. Lakin Erdenebat 4 xallıq fənd yerinə yetirdiyi üçün qalib olub. Bununla da Əmiraslanov lisenziya və medalsız qalıb.

3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev də oxşar aqibətlə üzləşib. 65 kq çəkidəki Hacıyev ilk təsəlliverici görüşündə misirli Amr Reda Ramadan Husseni vaxtından əvvəl məğlub edib - 10:1. Görüş rəqibin zədələnməsi səbəbindən erkən yekunlaşıb. Növbəti təsəlliverici görüşdə isə Əliyevin qarşısını minimal fərqli qələbə ilə yaponiyalı dünya çempionu Takuto Otoquro kəsib. Beləliklə, Azərbaycanın titullu pəhləvanı da medal və lisenziya ümidini gələn il keçiriləcək təsnifat yarışlarına saxlayıb.

74 kq çəkidəki Hacımurad Hacıyev təsnifat mərhələsində Asiya və dünya çempionu, olimpiadaların ikiqat mükafatçısı, hindistanlı Suşil Kumarı 11:9, 1/16 final mərhələsində türkiyəli 3 qat Avropa çempionu və olimpiya mükafatçısı Söner Demirtaşı 5:2, 1/8 finalda isə özbəkistanlı ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı Bekzod Abdurahmonovu 12:9 hesabı ilə yenib. Onun qarşısını 1/4 finalda ABŞ təmsilçisi, olimpiya və 4 qat dünya çempionu Cordan Ernest Barroz kəsib - 8:1. Lakin Barroz finaladək irəliləyə bilmədiyi üçün Hacıyev təsəlliverici görüşdə iştirak və lisenziya şansını itirib.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov da mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, ilk görüşündə belaruslu Vitali Pesnyaka 9:1, 1/8 finalda almaniyalı Nik Matuxinə 5:1 hesabı ilə qalib gəlib. Məhəmmədov 1/4 finalda ötənilki dünya çempionatının çinli gümüş mükafatçısı Jivey Denqə yenilib - 0:3. Denq isə yarımfinalda türkiyəli olimpiya, 2 qat dünya, 6 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Taha Akgülə uduzub. Nəticədə Məhəmmədov da lisenziyasız qalıb.

Qeyri-olimpiya çəkilərinə gəldikdə, Ağahüseyn Mustafayev 70 kq-da təsnifat mərhələsinin görüşündə türkiyəli Haydar Yavuzu 10:6 hesabı ilə üstələsə də, 1/8 finalda Bruney təmsilçisi Adam Batırova uduzub. Batırov isə finaladək irəliləyə bilmədiyi üçün Mustafayev mübarizəni dayandırıb.

92 kq çəkidəki Şamil Zubairovun ilk görüşü isə 1/8 finala təsadüf edib. Zubairov türkiyəli Süleyman Karadenizə rəqib olub. Görüş Karadenizin qələbəsi ilə yekunlaşıb - 7:6. Lakin o, finaladək gedə bilmədiyi üçün azərbaycanlı pəhləvan çempionatla vidalaşıb.

Qeyd edək ki, artıq Azərbaycanın yunan-Roma və qadın güləşçiləri dünya çempionatlarında çıxışlarını başa vurublar. Onlardan qadın güləşində Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya, Elis Manolova (65 kq) bürünc medal, yunan-Roma güləşində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal əldə edib.

Dünya çempionatı

20 sentyabr

70 kq

1/8 final. Ağahüseyn Musafayev - Adam Batırov (Bruney) - 2:5

Təsnifat. Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə) - 10:6

74 kq

1/4 final. Hacımurad Hacıyev - Cordan Ernest Barroz (ABŞ) - 1:8

1/8 final. Hacımurad Hacıyev - Bekzod Abdurahmonov (Özbəkistan) - 12:9

1/16 final. Hacımurad Hacıyev - Söner Demirtaş (Türkiyə) - 5:2

Təsnifat. Hacımurad Hacıyev - Suşil Kumar (Hindistan) - 11:9

92 kq

1/8 final. Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə) - 6:7

125 kq

1/4 final. Cəmaləddin Məhəmmədov - Jivey Denq (Çin) - 0:3

1/8 final. Cəmaləddin Məhəmmədov - Nik Matuxin (Almaniya) - 5:1

Təsnifat. Cəmaləddin Məhəmmədov - Vitali Pesnyak (Belarus) - 9:1

57 kq

Təsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan) - 4:4 (texniki fəndlə)

65 kq

Təsəlliverici görüş. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya) - 9:11

Təsəlliverici görüş. Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir) - 10:1 (vaxtından əvvəl)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...