Cüdoçumuz turnirdə finala yüksəlib

Azərbaycanın iki cüdoçusu sentyabrın 20-də Daşkənddə start götürən cüdo üzrə Qran-Pri turnirində medallar uğrunda mübarizə aparırlar. SİA-nın məlumatına görə, turnirin birinci günündə kişilər 60 və 66, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizəyə başlayıblar.

İdmançımız İbrahim Əliyev (66 kq) otuzikidəbir finalda argentinalı Tal Almoqu məğlub edib. Növbəti mərhələlərdə ardıcıl olaraq çinli Min Yen Tsaini, Qazaxıstan təmsilçisi Yesset Kuanovu və misirli Məhəmməd Abdelmavqoud üstələyən İ.Əliyev yarımfinalda Yaponiya idmançısı Yuji Aida ilə görüşdə uduzub. Cüdoçumuz bürünc medal uğrunda özbəkistanlı Sardor Nurullayev ilə qarşılaşacaq.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizəyə başlayan Leyla Əliyeva adını finala yazdırmağı bacarıb. Finala gedən yolda ruminiyalı Monika Unqureanuya, fransalı Blondine Ponta, almaniyalı Katarina Menzə və Hindistan cüdoçusu Şuşila Devi Likmabama qalib gələrək adını finala yazdıran L.Əliyeva qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Qiliazova ilə qarşılaşacaq.

Turnirin birinci günündə kişilərdən Oruc Vəlizadə, Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), qadın atletlərdən isə Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian (52 kq) uduzaraq mübarizəni dayandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...