Gimnastlar fərdi çoxnövçülük yarışlarının finalındadırlar

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın beşinci günündə gimnastlar fərdi çoxnövçülük yarışlarının finalında güclərini sınayırlar.

Ötən dörd gün ərzində 4 alət üzrə çıxış edən 116 gimnastın topladığı xallara görə sıralamada ilk 24 yerdə qərarlaşan idmançılar çoxnövçülük yarışlarının finalına yüksəliblər. Təmsilçimiz Zöhrə Ağamirova 60,050 xalla 21-ci olub və finala vəsiqə qazanıb. Hər ölkədən maksimum iki gimnast finalda gücünü sınayır. Çoxnövçülüyün final yarışlarında Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, ABŞ, Belarus, İtaliya, Yaponiya 2, Azərbaycan, Özbəkistan, Macarıstan, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Sloveniya 1 gimnastla təmsil olunur.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...