Rusiya gimnastı Bakıda beşinci medalını qazanıb

Rusiyalı gimnast Dina Averina Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında lentlə final yarışlarında da fərqlənib. D.Averina 21,800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsrailli Linoy Aşram 20,750 xalla gümüş medal qazanıb. İlk üçlüyü digər Rusiya gimnastı Yekaterina Seleznyova (20,650 xal) tamamlayıb.

D.Averina Bakının ev sahibliyi etdiyi dünya çempionatının fərdi proqramında topla və gürzlərlə yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib. Gimnast, həmçinin Rusiya millisinin heyətində komanda yarışlarının da qalibi olub.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq. Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...