"Tokio 2020" hazırlıq məqsədilə sınaq yarışları keçirilib

“Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə yüngül atletika üzrə sınaq yarışları keçirilib. Marafon yarışlarına 30 kişi və 10 qadın atlet qatılıb.

SİA-nın məlumatına görə, sınaq yarışları İxo Namuki küçəsini və Meydzi Dzinqu Qayen parkını əhatə edib.

Tokio Olimpiadasında idmançıların istiyə düşməmələri üçün marafon yarışlarının səhər saatlarında təşkil edilməsi nəzərdə tutulub. Olimpiya Stadionundan start veriləcək marafon paytaxt Tokionun mərkəzi küçələrini, görməli yerlərini - İmperator sarayını, Zodzodzi məbədini, eləcə də Nixonbaşi körpüsünü əhatə edəcək.

Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti Sebastyan Koe marafonun marşrutu ilə bağlı seçimi yüksək qiymətləndirərək deyib: “Marafon yarışları Olimpiadanın proqramında yer alan yüngül atletika idman növü üçün əhəmiyyətlidir. Marafonun marşrutu idmançılara yeniliyi və müasirliyi bir arada cəmləşdirən Yaponiyanın gözəlliyindən zövq almağa və atletika azarkeşlərini sevindirməyə imkan verəcək”.

“Tokio 2020” XXXII Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə