Beşinci turun oyunlarının hakimləri bilindi FUTBOL

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun oyunları üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, üç günü əhatə edəcək tura sentyabrın 21-də “Bank Respublika”da keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu ilə start veriləcək. Saat 17:30-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Həmin gün baş tutacaq “Səbail” – “Qəbələ” matçının baş hakimi Əliyar Ağayev olacaq. Saat 19:45-də start götürəcək görüş “ACCO Arena”da oynanılacaq.

Sentyabrın 22-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 18:30-da başlayacaq.

Tura sentyabrın 23-də oynanılacaq qarşılaşma ilə yekun vurulacaq. “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Dörd turdan sonra turnir cədvəlinə 12 xalla “Qarabağ” klubu başçılıq edir. Doqquz xalı olan “Səbail” ikinci, “Zirə” isə 7 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Keşlə” (6 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Qəbələ” (3) və “Sabah” (2) klubları yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə