FIG rəhbəri: "Bakı dünyanın ən qabaqcıl idman şəhərlərindən biridir"

Bakı dünyanın ən qabaqcıl idman şəhərlərindən biridir. Bədii gimnastika üzrə 37-ci dünya çempionatının Azərbaycanın paytaxtında təşkil olunması çox sevindiricidir. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytında yer alan məlumatda deyilir ki, bu sözləri qurumun prezidenti Morinari Vatanabe deyib.

M.Vatanabe bildirib ki, Azərbaycan dünya çempionatına yüksək səviyyədə hazırlaşıb. Azərbaycan Gimnastika Federasiyası bu dəfə də irimiqyaslı yarışa müvəffəqiyyətlə ev sahibliyi edir. Çempionatın açılış mərasimini böyük həyəcanla gözləyirik. Bakıda təşkil olunan yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün çox önəmlidir.

Qeyd edək ki, “Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən ən çox iki gimnast olmaqla) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır. Sentyabrın 22-dək davam edəcək çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...