Voleybol məşqçiləri üçün beynəlxalq təlim kursu keçirilir

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Bakıda voleybol məşqçiləri üçün təşkil olunan təlim kursunun sentyabrın 16-da açılış mərasimi olub.

SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev, baş katib Cəlil Cəfərov, “Azərreyl” klubunun prezidenti Fərid Xəlilov, Milli Olimpiya Komitəsinin idman idarəsinin rəisi Həsənağa Rzayev və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Qirleanu iştirak ediblər.

H.Rzayev tədbirdə çıxış edərək məşqçilər üçün belə layihələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Bu günədək 200-ə yaxın idman mütəxəssisinin kurslarda iştirak etdiyini deyən H.Rzayevin idmanın müxtəlif növləri üzrə məşqçilərin yetişdirildiyini diqqətə çatdırıb. O, sıx əməkdaşlığa görə Azərbaycan Voleybol Federasiyasına təşəkkürünü bildirərək, belə layihələrin davamlı olacağına əminliyini bildirib.

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, eləcə də klub rəhbəri iştirakçıları salamlayıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Beynəlxalq dərəcəli mühazirəçi Dan İllie Girleanu müxtəlif ölkələrdə keçdiyi kurslar barədə danışıb. O, kursun məşqçilərin texniki bilikləri, idmançılar üçün müxtəlif texnikaların inkişaf etdirilməsi və digər sahələri əhatə edəcəyini bildirib.

Layihənin məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Kursda Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycandan 30 məşqçi iştirak edir. Təlim kursları beş gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...