“Federasiya kuboku 2019” yarışları başa çatıb

Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) təşkilatçılığı ilə “Federasiya kuboku 2019” turnirinə start verilib. SİA-nın xəbərinə görə, yarışda SFA-nın yelkənçiləri, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Xəzər” yelkənli qayıqlar, eləcə də “Dənizçi” yelkən idman klublarının üzvləri mübarizə aparıblar.

“Optimist”, “Laser4.7”, “Laser Radial”, “Laser Standart” sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18-i “Optimist”, 5-i “Laser4.7”, 3-ü “Laser Radial”, 4-ü isə “Laser Standart” sinfi üzrə məharətlərini nümayiş etdiriblər.

Federasiya kuboku uğrunda yarış Azərbaycan Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Alqon Giorgianninin baş hakimliyi, federasiyasının baş məşqçiləri Seyhun Yıldızın, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Xəzər” klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə baş tutub. Gün ərzində ən azı üç dəfə açıq dənizə çıxan yelkənçilər Federasiya kuboku uğrunda gərgin idman mübarizəsi aparıblar.

“Optimist” sinfi üzrə yarışın ümumi yekununda Murad Hacızadə birinci, Ayla Babayeva ikinci, Fidan Ağazadə (hər üçün SFA) isə üçüncü yeri tutublar.

“Optimist” sinfi üzrə qızlar arasında mübarizənin yekununda Ayla Babayeva, Fidan Ağazadə və Kristina Kərimova (hər üçün SFA) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

“Laser4.7” sinfi üzrə yelkənçilərdən Murad Allahverdi (SFA) birinci, İsmayıl Kərimov (SFA) ikinci, Fərid Cəfərov “Dənizçi” isə üçüncü olublar.

“Laser Radial” sinfi üzrə yarışın yekununda Cavid Kərimov (SFA), Aslan Məmmədov (“Xəzər”) və Rauf Abdullayev (“Xəzər”) müvafiq olaraq fəxri kürsüdə yer alıblar.

“Laser Standart” sinfi üzrə isə Mixail Protasov (“Xəzər”) birinci, Nikita Vilayev (“Dənizçi”) ikinci, Vaqif Qasımov (“Xəzər”) isə üçüncü pillələrdə qərarlaşıblar.

Mükafatlandırma mərasimində qaliblərə, həmçinin yay məktəbində iştirak edərək məşqlər zamanı yüksək nəticə qazanan iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, SFA-nın üç ay ərzində təşkil etdiyi yay məktəbinə 16 uşaq qatılıb. Bunlardan 7-si yüksək nəticə göstərib.

Dünya çempionatlarında fotoreportajların hazırlanmasında yaxından iştirak edən peşəkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yarışda qonaq qismində iştirak edib. O, Azərbaycanda keçirilən yelkən yarışından maraqlı fotolardan ibarət reportajlar hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə