Boksçularımız mübarizəni davam etdirir

Sentyabrın 16-da Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında Azərbaycanın iki boksçusu onaltıdabir finalda mübarizəyə qoşulacaq. SİA-nın məlumatına görə, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Lorenzo Sotomayor ikinci görüşündə Əlcəzair təmsilçisi Çemsəddin Kramu ilə qarşılaşacaq.

Çempionatda 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə ilk görüşündə çinli Danabieke Bayıkevuzi ilə üz-üzə gələcək.

Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Tayfur Əliyev (57 kq), Dominqes Alfonso (81 kq) və Məsud Yusifzadə (52 kq) səkkizdəbir finala vəsiqə qazanıblar. Bəxtiyar Qazıbəyov (63 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunub. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışın təsnifat mərhələsinə sentyabrın 17-də yekun vurulacaq. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...