Azərbaycanlı güləşçi dünya çempionatının finalında

Azərbaycanın 2 yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına yarımfinal görüşünə çıxıb.

SİA-nın məlumatına görə, milli üzvlərindən Rafiq Hüseynov finala yüksəldiyi halda, Eldəniz Əzizli məğlubiyyətə üzülüb. Son dünya çempionu olan E.Əzizli 1/2 finalda Xorlan Jokanşa (Qazaxıstan) ilə gücünü yoxlayıb. Görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb. Finalın bir addımlığında büdrəyərək (5:11), titulunu təhvil verən təmsilçimiz mübarizəni bürünc medal uğrunda aparacaq.

E.Əzizlidən fərqli, Rafiq Hüseynov bu dəfə də xalçadan qalib ayrılıb. 82 kq çəkidə qüvvəsini sınayan həmyerlimiz finala vəsiqə üçün iranlı Səid Abdvali ilə münasibətinə aydınlıq gətirib. O, 4:5 hesabı ilə geridə olmasına baxmayaraq, 8:5 hesablı qələbəyə sevinib. Pəhləvanımız finalda gürcüstanlı Laşa Qobadze ilə qüvvəsini sınayacaq. Elman Muxtarovun (63 kq) isə ilk döyüşdə uduzduğu ermənistanlı Slavik Qalstyan finala yüksələ bilmədiyindən yığma üzvü yarışla vidalaşıb. Sənan Süleymanov (72 kq) da eyni aqibəti yaşayıb. Onun da məğlub olduğu macarıstanlı Balint Korpaşi yarımfinal səddini keçə bilməyib.

Mükafatlar uğrunda mübarizə sabah olacaq. Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə