İki güləşçimiz dünya çempionatının yarımfinalındadır

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.

Dünya çempionu Eldəniz Əzizli (55 kq) yarışa qələbə ilə başlayıb. Təmsilçimiz hindistanlı Manjet Manjeti məğlub edərək dörddəbir finala yüksəlib. İdmançımızın növbəti rəqibi Monqolustan güləşçisi Davaabandi Munh Erden olub. Rəqibini məğlub edən dünya çempionumuz yarımfinalda qazaxıstanlı Korlan Jokanşa ilə qarşılaşacaq.

Digər güləşçimiz Rafiq Hüseynov (82 kq) da çempionatda uğurlu çıxışını davam etdirir. Belə ki, moldovalı Mixail Bradu və Ukrayna idmançısı Yuri Şkriubaya qalib gələn R.Hüseynov dörddəbir finalda qazaxıstanlı Maxat Yerejepovdan üstün olub. Finala gedən yolda güləşçimizin rəqibi İran təmsilçisi Seyid Abdvali olacaq.

Milli komandamızın üzvü Sənan Süleymanov (72 kq) xorvatiyalı Dominik Etlinger və Yuri Lomadzeni (Gürcüstan) məğlub edərək dörddəbir finala adlayıb. Yarımfinala vəsiqə uğrunda görüşdə güləşçimiz Balint Korpaşiyə (Macarıstan) məğlub olub.

Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə