Futbol üzrə Naxçıvan çempionatına hazırlıq gedir

Futbol üzrə muxtar respublika çempionatının 2019-2020-ci illər mövsümünə hazırlıqla bağlı Naxçıvan Futbol Federasiyasında (NFF) iclas olub. SİA xəbər verir ki, NFF-nin sədr müavini Sakit Rzayev, böyük məşqçi Əsgər Abdullayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çempionatla bağlı gözləntilərin yüksək olduğunu və bunun üçün bütün təşkilati işlərin həyata keçiriləcəyini diqqətə çatdırıblar.

Çıxış edənlər bununla bərabər, NFF-nin uzunmüddətli plan və strategiyasının əsasını təşkil edən uşaq futbolunun inkişafı məsələsinin də önəmli olduğunu əsas gətirərək bildiriblər ki, bu amilin çempionatın reqlamentinə uyğunlaşdırılması məqsədəuyğun görülüb. Belə olan halda yeniyetmə və gənclər daha çox oyun şansı əldə edə biləcəklər. Nəticədə isə onların arasından istedadlı futbolçular aşkar olunaraq, karyera imkanlarının artırılmasına dəstək veriləcək.

İclasda bu və digər məsələlərlə bağlı məşqçilərin təklif və fikirləri dinlənilib. Çempionatla bağlı tətbiq olunacaq işlər və qaydalar haqqında ümumi məlumatlarla tanış olan iştirakçılara yeni mövsümdə uğurlar arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...