Məhəmmədrəsul Məcidov peşəkar boksda rinqə çıxacaq

Azərbaycanın həvəskar boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə debüt edəcəyi tarix müəyyənləşib. SİA-nın məlumatına görə, 33 yaşlı olimpiya mükafatçısı sentyabrın 13-də, yerli vaxtla saat 17:00-da ilk döyüşünə çıxacaq. ABŞ-nın Nyu-York şəhərindəki “Medison Skver Qarden”də baş tutacaq qarşılaşmada Məcidov Ed Fonteynlə üz-üzə gələcək.

Döyüşlər Bakı vaxtı ilə sentyabrın 14-də, saat 01:00-da başlayacaq.

Onun rəqibi 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan ABŞ boksçusu 6 dəfə məğlub olub.

Ağır çəki dərəcəsində mübarizə aparan M.Məcidov debütü səbirsizlikə gözlədiyini açıqlayıb: “BoxingStar” rəhbərliyinə, promouterim Eddi Heynə və “Matchroom Boxing USA” təşəkkür edirəm ki, mənə belə imkan yaradıblar. Çox həyəcanlıyam. Çempionların üzə çıxdığı Nyu-Yorkdakı döyüşü səbirsizliklə gözləyirəm. Hamı bilsin ki, mən öz boks üslubumla əyləncə bəxş edəcəyəm”.

İdmançının promouteri Eddi Heyn M.Məcidovdan uğur gözlədiyini qeyd edib: “Məhəmmədrəsulun bizə qoşulması fantastik hadisədir. Superağır çəkidə çox gərgin mübarizə var. Məcidov həvəskar boksdakı kimi döyüşsə, böyük gücə çevriləcək. Əmiməm ki, o, sürətlə irəliləmək istəyəcək. Onun karyerasını düzgün qurub, böyük döyüşlərdə iştirakına nail olacağıq”.

Qeyd edək ki, “Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli reklam müqaviləsi imzalayan M.Məcidov tanınmış promouter Eddi Heynlə çalışır.

Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb. O, bir dəfə Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...