Voleybolçularımızın Avropa çempionatı üçün heyəti dəqiqləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. SİA məlumat verir ki, baş məşqçi Covanni Kaprara Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatında güvənəcəyi oyunçuları müəyyənləşdirib.

İtaliyalı mütəxəssis yenə Braziliyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində heyətə daxil etdiyi voleybolçulara şans verəcək. Burada yalnız libero Leyla Parşkova istisnadır. O, Cənubi Amerikada baş tutan yarış üçün siyahıda yer alsa da, turnirdə adı protokola daxil edilməmişdi.

Braziliyaya yollanmayan, lakin dəvət göndərilən təcrübəli oyunçularımız bu dəfə də “14-lük”dən kənar qalıblar. Əgər Yana Kulan yığma karyerasını başa vurduğunu açıqlamışdısa, Yekaterina Jidkovanın Avropa çempionatında iştirakı istisna edilmirdi. Lakin italiyalı baş məşqçi Covanni Kaprara onu heyətdə görmək istəməyib. Çalışdırıcı milliləşmiş legionerin komandaya kömək etmək gücündə olmadığını qənaətindədir. Y. Jidkovadan fərqli, Yuliya Kərimova C. Kapraranın “qara siyahısı”ndan çıxa bilməyib. Təsnifat Turniri öncəsi hazırlıqdan kənarlaşdırıldıqdan libero qitə birinciliyini də azarkeş kimi izləməli olacaq.

Azərbaycan millisinin heyəti
Toppaylayıcılar: 2. Yana Əzimova, 14. Kristsina Yaqubova, 18. Şəfaqət Alışanova
Blokçular: 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 8. Yelizaveta Səmədova, 9. Anastasiya Bessonova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Libero: 19. Bəyaz Əliyeva

Qeyd edək ki, Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə