Azərbaycan idmançısı dünya çempionatında finala vəsiqə qazanıb

Avqustun 8-də Qırğızıstanın paytaxtı Bişkekdə bilyard üzrə dünya çempionatı start götürüb. SİA-nın məlumatına görə, Azərbaycan Bilyard İdman Federasiyasından (ABİF) bildiriblər ki, 86 idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançısı Seymur Məmmədov finala vəsiqə qazanıb.

O, yarımfinal mərhələsində Qırğızıstan idmançısı Əziz Madamirovu məğlub edərək (5:4) həlledici görüşdə oynamaq imkanı qazanıb. Dünya çempionatının final görüşündə Seymur Məmmədov rusiyalı idmançı Semen Zayçev ilə üz-üzə gələcək. Dünya çempionatında Azərbaycanı 4 idmançı - Vasif Məmmədov, Tofik Quliyev, Seyhun Ağayev və Seymur Məmmədov təmsil edir. Seymur Məmmədov beynəlxalq dərəcəli idman ustasıdır. Seymur ikiqat Avropa ikincisidir (2005, 2006), idmançımız 2005-ci ildə Qafqaz kubokuna sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə