"Qarabağ” APOEL klubu ilə cavab matça çıxacaq UEFA Çempionlar Liqası

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə cavab matçı keçirəcək. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib. "Köhlən atlar" ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb. Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. "Qarabağ" APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində "Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda "Linfild" (Şimali İrlandiya) – "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində "Linfild" səfərdə qələbə qazanıb – 2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə