2 boksçusumuz Avropa birinciliyində medal qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərinin boks üzrə Avropa birinciliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, yarışda iştirak edən Azərbaycan millisi 1 qızıl və 1 gümüş medal qazanıb.

Vaqif Kazımovun rəhbərlik etdiyi yığmada Məhəmmədəli Qasımzadə çempion tituluna yiyələnib. 43 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz finaladək Polşa və Gürcüstan idmançısına qalib gəlib. Astara məktəblisi həlledici görüşdə Şotlandiya təmsilçisindən güclü olub.

Digər milli üzvü Məhəmmədəli Aşırəliyev (44,5 kq) Avropa birinciliyinə şotlandiyalı üzərində qələbə ilə başlayıb. O, ardınca ukraynalı və belaruslu rəqibini də məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada gürcüstanlı idmançı qalib gəldiyindən M. Aşırəliyev gümüş medalla kifayətlənib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə